Amin Babayev
Amin Babayev (azərb. Amin Hacıbaba oğlu Babayev, 5 may 1950, Sarıbaş kəndi, Qax rayonu) — azərbaycanlı alim, Torpaq münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması istiqamətində elmi tədqiqatlar aparan və Ekoloji Kənd təsərrüfatı hərəkatı anlayışını ilk dəfə Azərbaycana gətirmiş alim, Azərbaycan Milli Elmlər Akademiyasının Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktorudur.
== Həyatı ==
Amin Babayev 1950-ci il mayın 5-də Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU-nun) Aqronomluq fakültəsinin aqrokimya və torpaqşünaslıq şöbəsini bitirmiş, həmin il M. V. Lomonosov adına Moskva Dövlət Universitetində məqsədli aspiranturaya daxil olmuşdur.
A. Babayev 1976-cı ildə elmlər namizədi, 1995-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır. 1997-ci ildə professor elmi adını almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlamışdır. 1976–1982 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Torpaqşünaslıq kafedrasının assistenti, dosenti vəzifələrində çalışmış, 1982–1985 illərdə Qərbi Afrika, Mali Respublikasının Katibuqu Kənd Təsərrüfatı İnstitutunun professoru, 1985–2013 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU-nun) Torpaqşünaslıq kafedrasının dosenti, professoru, kafedra müdiri olmuşdur, 1996 Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) prezidenti seçilmişdir. 1998–2000 illərdə Dövlət Elm və Texnika Komitəsinin nəzdində Gəncə Elm və Texnika Mərkəzinin direktoru işləmiş, 1997–2011 illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının eksperti olmuşdur.
2002-ci ildən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM-ın), 2004-cü ildən Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyasının (EUCARPİA-nın), 2004-cü ildən Amerika Torpaqşünaslar Cəmiyyətinin (ССА-nın) və Amerika Aqronomlar Cəmiyyətinin (ASA-nın) üzvüdür.